Bakı. Trend:
Xaçmaz rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Vətən müharibəsi və antiterror əməliyyatlarında canından keçmiş qəhrəmanların xatirəsinə hörmət əlaməti olaraq şəhidlərin məzarları ziyarət olunub.
Trend xəbər verir ki, bu barədə İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər ziyarətdə iştirak edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Çıxış edən Elnur Rzayev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun gücü sayəsində qazanılmış böyük Zəfərin əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad olunması və antiterror əməliyyatları zamanı əsgər və zabitlərimizin göstərdiyi fədakarlıqdan danışıb.
Şəhidlərin ailə üzvləri qəhrəman övladları ilə fəxr etdiklərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun xatirəsinə ucaldılmış barelyef ziyarət olunub və önünə gül dəstələri qoyulub.