Bakı. Trend:
Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzil əldə etmək istəyən vətandaşlar üçün xatırlatma xarakterli məlumat yayıb.
Trend Agentliyə istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
İstifadəçilərə satış vaxtından ən azı bir saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (SİMA Token Elektron İmza (www.sima.az/online-signer), Asan İmza (www.asanimza.az), və ya SİMA Rəqəmsal İmza (www.sima.az/az)) vasitəsilə “Güzəştli mənzil” sisteminə daxil olmaları tövsiyə olunur. Bu, onlara müvafiq imzanın işlək vəziyyətdə olub-olmamasını öncədən müəyyən etməyə imkan yaradacaq.
Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxslər mütləq “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində agent bankdan aldıqları razılıq qərarını imzaladıqlarına və həmin qərarın mənzil seçimi gününə qüvvədə olduğuna bir daha əmin olmalıdırlar. Əks halda onlar yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə mənzil əldə etmək hüququna malik olacaqlar.
İstifadəçilər elektron kabinetin hər hansı bölməsindən (məsələn: “Satış” modulu, “Gözləmə” modulu, “Bildirişlər” bölməsi və s.) əvvəlki və ya növbəti mərhələyə keçid etmək istəsələr, onlara brauzerin “Geri” və ya “İrəli” düymələrindən istifadə etmələri tövsiyə olunmur.
Belə ki, brauzerin qeyd olunan düymələrindən istifadə elektron kabinet sahibinin “Güzəştli mənzil” sistemində hərəkətlərini düzgün əks etdirməyə bilər. Bununla əlaqədar yarana biləcək problemlər ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi məsuliyyət daşımır. Müvafiq əməliyyatları icra etmək üçün yuxarıda qeyd olunan düymələrin əvəzinə sistemin səhifəsində yerləşən “Geri” və ya “Əvvəlki”, “Növbəti” düymələrindən və “Elektron kabinetin əsas səhifəsinə” qayıtmaq üçün ekranın yuxarı hissəsində əks olunan “MİDA” loqosundan istifadə etmələri zəruri hesab olunur.
