Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Trend-in xəbərinə görə, rütbə verilən şəxslərin arasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də var.
Belə ki, Sərəncamla Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.
Məlumat üçün bildirək ki, Orxan Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.
2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikası təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.
2018-ci ildə Azərbaycan Respublikası vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.
