Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Bakının Abşeron rayonu ərazisində baş vermiş yanğın zamanı iki nəfər həlak olub. Bu barədə çərşənbə axşamı Trend ə, Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov məlumat verib.
Ağacanov bildirib ki, "Caspian Fish"ə məxsus sexlərin birində örtüklənmə aparılarkən, qızdırıcı cihazın partlaması nəticəsində güclü yanğın baş verib.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma (225-ci) maddəsi ilə cinayət işi açılıb.
Prokuror köməkçisinin sözlərinə görə, bu məsələ FHN tərəfindən araşdırılacaq.
Bakı-Şamaxı yolunun 16-cı km-də yerləşən Caspian Fish balıq zavodunun arxasında yeni inşa olunmuş və istifadəyə verilməmiş sex yanıb.
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən çərşənbə axşamı Trend ə bildirilib ki, yanğınsöndürənlər 4 saylı çağırışla hadisə yerinə çağırılıb.