...

Azərbaycanın şimal-şərqində güclü sel bir nəfərin ölümü ilə nəticələnib

Hadisə Materials 9 İyul 2008 10:57 (UTC +04:00)
Azərbaycanın şimal-şərqində güclü sel bir nəfərin ölümü ilə nəticələnib

Azərbaycan, Xaçmaz, 09 iyul / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimal-şərqində yerləşən Siyəzən rayonunda yağan güclü yağışlar nəticəsində körpünü sel aparıb.

Trend -un məlumatına görə, paytaxt Bakıdan 103 kilometr şimal-şərqdə yerləşən Siyəzən-Qalaltı yolunda Gilgilçay üzərindəki ötən il inşa olunan körpünü selin yuması nəticəsində iyulun 9-na keçən gecə "Chevrolet" və "NİVA" markalı avtomobillər çaya düşüb.

Hadisə zamanı avtomobillərdəki 3 sərnişin xəsarət alıb, bir sərnişin, Mingəçevir şəhər sakini 50 yaşlı Divani Məhsiməliyev həlak olub.

Azərbaycanda son iki gündə hava şəraiti kəskin pisləşib.

Temperatur dağətəyi və dağlıq ərazilərdə 4-5 dərəcə normadan aşağı düşüb. Milli Hidrometerioloji Bürodan verilən məlumata görə, qeyri-sabit hava şəraiti iyulun 10-dək davam edəcək.

Azərbaycanın şimal-şərq bölgəsinə yağan güclü yağış nəticəsində əksər dağ çaylarında suyun səviyyəsi artıb. Xaçmaz rayonu ərazisindəki bəzi çaylarda vəziyyət kəskin həddə çatıb. Bu səbəbdən Qudyalçay yaxınlığındakı Hacıqurbanlı və Ağçay yaxınlığındakı Cığatay kəndlərinin əhalisi evakuasiya edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti