...

Bakıdakı yataqxanaların birində baş verən partlayışda iki nəfər xəsarət alıb

Hadisə Materials 8 Yanvar 2009 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir S.Kazımlı/ Bakının Nəsimi rayonu ərazisində yerləşən yataqxanada qaz sızmasından partlayış baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend - a məlumat verilib.

Trend -un arayışı: Bu gün Bakıda qaz sızmasından iki partlayış faktı qeydə alınıb. Binəqədi rayon prokurorluğunun müstəntiqi Nizami Qurbanov Trend -a bildirib ki, səhər saatlarında Biləcəri qəsəbəsi, Mədən 1, Korpus 10, ev 16 ünvanında Mikayıl Hüseynova məxsus evdə qaz sızmasından baş vermiş partlayış nəticəsində, ev sahibi, onun həyat yoldaşı Zərifə Hüseynova, qızı Elnarə Hüseynova, kürəkəni Ziya Həsənzadə və bir yaşlı nəvəsi Ləman Həsənzadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Ziya Həsənzadə ağır, digərləri isə yüngül xəsarət alıb. Müstəntiq bildirib ki, partlayışdan ev tamamilə dağılıb, qonşu evlərə də az ziyan dəyib. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər hadisə Nizami rayonunda baş verib. Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsindən Trend - a bildiriblər ki, bu gün saat 11:30 saatlarında Mərkəzi Seçki Komissiyasının Nizami rayonu 24 saylı seçki dairəsinin Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yerləşən seçki məntəqəsində qaz sızmasından partlayış baş verib. Hadisədə 1950-ci il təvvəllüdlü dairə  komissiyası sədri Aydın Vəliyev yaralanıb. O, üçüncü dərəcəli yanıq xəsarətilə 5 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Partlayış dağıntılara səbəb olub.

Son vaxtlar respublikada tez-tez-baş verən qaz partlayışı hallarının aradan qaldırılması məqsədilə, Baş Prokurorluq "Azəriqaz" QSC-yə təcili tədbirlərin görülməsi haqqında təqdimat göndərib.

Baş Prokurorluğun mətbuat xidmətindən   Trend - a bildirdiklərinə görə, son vaxtlar, xüsusilə də qış dövründə soyuq və şaxtalı hava şəraitilə əlaqədar, vətəndaşlar mənzillərdə texniki normalara cavab verməyən qızdırıcı qaz sobalarından istifadə edirlər.

Dekabrın 13-də Bakıda yaşayış binasında qazın partlaması nəticəsində dörd nəfər həlak olub, beş nəfər yaralanıb.

Qış dövründə dəm qazı ilə boğulma halları da çoxalıb, qeyri - rəsmi məlumatlara görə, bu mövsümdə 20 -dən çox adam həlak olub.

DİN - dən verilən məlumata görə, yanvarın 6-da saat 07.20 radələrində Nəsimi rayonundakı Ceyhun Hacıbəyli küçəsindəki yataqxanada yaşayan Bəkir Bayramovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Yanıq xəsarəti almış Bayramov və arvadı Ədibə Bayramova xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti