...

Azərbaycanın Şirvan rayonunun Bayramlı qəsəbəsində yarılan bəndin birləşdirilməsi bu gün başa çatacaq - "Meliorasiya və Su Təsərüffatı" ASC-nin prezidenti

Hadisə Materials 12 May 2010 12:01 (UTC +04:00)
Kür çayının məcradan çıxması nəticəsində dağılan bəndlərin bərpası işləri davam etdirilir.
Azərbaycanın Şirvan rayonunun Bayramlı qəsəbəsində yarılan bəndin birləşdirilməsi bu gün başa çatacaq - "Meliorasiya və Su Təsərüffatı" ASC-nin prezidenti

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir A.Hüseynbala/

Kür çayının məcradan çıxması nəticəsində dağılan bəndlərin bərpası işləri davam etdirilir.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, "Meliorasiya və Su Təsərüffatı" ASC-nin prezidenti Əhməd Əhmədzadə çərşənbə günü jurnalistlərə bildirib ki, Şirvan rayonunun Bayramlı qəsəbəsində yarılan bəndin birləşdirilməsi bu gün başa çatacaq. O bildirib ki, bir neçə günə bəndin möhkəmləndirilməsi işləri aparılacaq ki, suyun süzülməsinin qarşısı alınsın.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Əhmədzadə daxili işlər naziri Ramil Usubov, Baş nazirin müavini Abid Şərifovla birgə bu gün səhər saatlarında Sabirabadın Mürsəlli kəndində yuyulmuş bəndə baxış keçirdiklərini deyib.

O qeyd edib ki, ilkin olaraq bəndə yol müəyyənləşdirilib.

"Dünəndən həmin bəndin bərpasına başlanılmışdı. Su bənddən bir metr hündürlüyündə olduğu üçün, əraziyə daxil olmaq mümkün deyildi. 2-3 gün ərzində bu bəndin bərpasına nail olacağıq", - Əhmədzadə bildirib.

Şirvan rayonu paytaxt Bakıdan 110 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti