Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycan paytaxtı yaxınlığında yerləşən Qobustan qəsəbəsindəki həbsxanada narkotik maddə keçirməyə cəhd edən şəxslər saxlanılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr sektorundan cümə günü Trend-ə bildiriblər ki, bu gün həmin müəssisədə cəza çəkən 1980-cı il təvəllüdlü məhkum Yusif Vidadi oğlu Ağayevin yanına gəlmiş xalası oğlu 1987-ci il təvəllüdlü, Bakı şəhər sakini Məmmədov Şirxan Firudin oğlu və dostu Rüstəmov Samir Litvit oğlunun gətirdikləri ərzaq məhsullarına və əşyalarına baxış keçirilərkən qutuda qablaşdırılmış ağ pendirin içərisində selofana bükülmüş, ayrı-ayrılıqda 3 hissəyə bölünmüş, xalis çəkisi 2,815 qram olan narkotik maddə - heroin tapılaraq götürülüb.
Son iki gün ərzində həbsxana əməkdaşları tərəfindən bu müəssisəyə narkotik maddələrin keçirilməsinin iki cəhdinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.