Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyi Bakıdakı yataqxanada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Trend-in məlumatına görə, nazirliyin İnternet saytı xəbər verir ki, ötən gün axşam saatlarında Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin beşmərtəbəli yataqxana binasında yanğınla davam edən partlayış olub.
Binanın 2-ci mərtəbəsində 1950-ci il təvəllüdlü Cəfərov Rəhman Qulam oğluna məxsus mənzilin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb, hadisə zamanı binada olan vətəndaşlardan 9-u müxtəlif xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya aparılıblar. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər 10 nəfəri, o cümlədən 4 azyaşlı uşağı yanğından xilas edib, daha 32 nəfərin təxliyyəsini həyata keçirib, yataqxana binasını yanğından mühafizə edib.
Əraziyə cəlb olunmuş xilasedicilər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin edib və hüquq mühafizə orqanlarının və digər aidiyyəti qurumların əməkdaşları ilə birgə bina sakinlərinin təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını həyata keçiriblər.
Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1950-ci il təvəllüdlü Cəfərov Rəhman Qulam oğlunun cəsədi aşkarlanıb.
İlkin ehtimala görə, hadisəyə maye qaz balonunda baş vermiş sızma səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.