Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda hərbçilərin olduğu avtomobil qəza törədib, ölən və xəsarət alanlar var.
Tovuz rayon Polis Şöbəsinin müstəntiqi İlqar Abdullayev Trend-ə bildirib ki, rayonun Aşağı Öysüzlü kəndi ərazisində fevralın 23-də saat 17:30-da N saylı hərbi hissənin tağım komandiri, leytenant Atakişiyev Elvin Aslan oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn Orucov Eşqin İslam oğlunun idarə etdiyi "Mersedes" markalı mikroavtobusla toqquşub, sonra isə Hüseynov Xaliq Məhəmməd oğlunun idarə etdiyi "VAZ 21063" markalı avtomobilə dəyib və yoldan çıxıb.
Hadisə zamanı birinci avtomobildəki əsgər, 19 yaşlı Cəbrayılov Ramin Əlisəfər oğlu (Biləsuvar RHK-dan hərbi xidmətə çağrılıb) həlak olub.
Digər sərnişinlər, Qazax rayon Hərbi Prokurorluğunun müstəntiqi, 27 yaşlı Abbas Bayramov, əsgərlər - Nuru Zeynalov (Bakının Nizami RHK-dan hərbi xidmətə çağrılıb), Əliheydər Şükürov (Neftçala RHK-dan hərbi xidmətə çağrılıb) və müddətdən artıq hərbi xidmətdə olan, 1987-ci il təvəllüdlü Tovuz rayon sakini Nemət Hacıyev xəsarət alıblar.
Hadisə zamanı mikroavtobusun sürücüsü və sərnişini, həyat yoldaşı Müşkünaz Tağıyeva da xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Xəsarət alan tağım komandirinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəyə "VAZ 2107" markalı avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.