Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bu ilin ilk iki ayında qeydə alınan yol qəzalarının yarısını piyadaların vurulması təşkil edir.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu ilin yanvar-fevral aylarında ölkədə baş verən 462 yol qəzası nəticəsində 138 nəfər ölüb, 479 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qəzaların 218-i piyadaların vurulması olub. Hadisələr zamanı 62 piyada həlak olub, 167 nəfər isə yaralanıb.
Əliyev bildirib ki, ümumi hadisələrin 211-i avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Nəticədə 72 nəfər ölüb, 187 nəfər xəsarət alıb.
Hadisələrin 84-ü ötmə qaydalarının pozulması (25 ölüm, 117 xəsarət), 141-i toqquşma (43 ölüm, 192 xəsarət), 40-ı aşma (20 ölüm, 47 xəsarət), 48-i maneə vurma (10 ölüm, 54 yaralı) olub.
Hesabat dövründə Bakıda 266 yol qəzası zamanı 68 nəfər ölüb, 263 nəfər yaralanıb.