...

Azərbaycan Əfqanıstan XİN-ə ikinci notanı təqdim edib - səfir

Hadisə Materials 12 İyul 2011 17:17 (UTC +04:00)
Azərbaycan Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə ikinci notanı təqdim edib.
Azərbaycan Əfqanıstan XİN-ə ikinci notanı təqdim edib - səfir

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə ikinci notanı təqdim edib.

"Azərbaycan yenidən Əfqanıstan XİN-ə meyitlərin qəzanın səbəblərinin araşdırılması üçün yaradılan Azərbaycan komissiyasının üzvlərinə vermək üçün Kabilə çatdırılmasına yardım etmək xahişi ilə nota təqdim edib", - Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov məlumat verib.

Azərbaycan analoji nota ilə Əfqanıstan hakimiyyətinə bazar günü də müraciət etmişdi.

Kabildə olan komissiya üzvləri qəza yerindəki mürəkkəb vəziyyətlə əlaqədar indiyədək təyyarənin düşdüyü yerə çata bilməyiblər.

"Azərbaycan bütün mümkün yollarla təyyarənin həlak olmuş ekipaj üzvlərinin meyitlərini onun düşdüyü yerdən götürməyə çalışır, lakin təəssüf ki, bütün bu səylər hələlik heç bir nəticə vermir. Təyyarənin düşdüyü yerə çatmağa cəhd göstərilərkən "Taliban" hərəkatının qüvvələri həmin yeri atəşə tuturlar", - diplomat qeyd edib.

"Koalisiya qüvvələrinin Azərbaycan Mülki Aviasiya Administrasiyası nümayəndələrinin və təyyarənin məxsus olduğu "Silk Way" şirkətinin mütəxəssislərinin daxil olduğu qəzanı araşdıran komissiyanın üzvlərini müşayiət etmək üçün 300-ə yaxın əsgər ayırmasına baxmayaraq, orada keçirilən antiterror əməliyyatları üzündən komissiya hələ də hadisə yerinə çata bilməyib", - səfir deyib.

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub. Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar".

"Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

"Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov mətbuat konfransında deyib.

Xəbər lenti

Xəbər lenti