...

Azərbaycan Əfqanıstanda qəzaya uğramış təyyarənin ekipaj üzvlərinin meyitlərini götürmək üçün bütün imkanlardan istifadə edir - səfir

Hadisə Materials 18 İyul 2011 13:19 (UTC +04:00)
Azərbaycan iyulun 7-nə keçən gecə Əfqanıstanda qəzaya uğramış təyyarənin ekipaj üzvlərinin meyitlərini qəza yerindən götürmək üçün bütün imkanlardan istifadə edir.
Azərbaycan Əfqanıstanda qəzaya uğramış təyyarənin ekipaj üzvlərinin meyitlərini götürmək üçün bütün imkanlardan istifadə edir - səfir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan iyulun 7-nə keçən gecə Əfqanıstanda qəzaya uğramış təyyarənin ekipaj üzvlərinin meyitlərini qəza yerindən götürmək üçün bütün imkanlardan istifadə edir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.

"Nəqliyyat Nazirliyi və Əfqanıstan XİN-in yüksək rütbəli nümayəndələri bu gün telefonla məni inandırıblar ki, əfqan tərəfi bu məsələdə Azərbaycana hər cür mümkün köməyi göstərəcək", - səfir deyib.

"Əfqanıstan hakimiyyəti artıq müəyyən şəxslərlə təyyarənin ekipaj üzvlərinin meyitlərinin Kabilə çatdırılması üçün danışıqlar aparır və bu gün qəza yerinə xüsusi vertolyot yola düşməli idi. Lakin dünənki hadisələrdən sonra paytaxtda yüksək səviyyəli həyəcan elan edilib və bu səbəbdən şəhərdə hərəkət məhdudlaşdırılıb", - Şikarov qeyd edib.

Əfqanıstan Prezidentinin müşaviri Can Məhəmməd Mücahid və ölkə parlamentinin Aşağı palatasının deputatı Məhəmməd Haşim Vatanval dünən Əfqanıstanın Kapisa əyalətində qətlə yetiriliblər. Bu barədə Əfqanıstan XİN-dəki mənbə RİA Novosti-yə məlumat verib.

Prezidentin müşavirinə şam yeməyi zamanı hücum edilib. Evə soxulan beş nəfər mühafizəçiləri güllələyib və məmurları qətlə yetirib. İndiyədək bu hücuma görə məsuliyyəti mərkəzi hakimiyyətə müxalif olan qruplaşmalardan heç biri öz üzərinə götürməyib.

"İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Azərbaycan artıq Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə iki nota təqdim edib.

Kabildə olan komissiya üzvləri qəza yerindəki mürəkkəb vəziyyətlə əlaqədar indiyədək təyyarənin düşdüyü yerə çata bilməyiblər.

"Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov mətbuat konfransında deyib.

Xəbər lenti

Xəbər lenti