Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
Oktyabrın 3-də saat 18:00-da Ermənistan Müdafiə Nazirliyinin "Baqramyan" tədris mərkəzində N saylı hərbi hissəyə məxsus "Sadko" markalı avtomobil hərbi təlimin keçirildiyi ərazidə hərəkət edərkən yolun sol kənarındakı qum təpəsinə çırpılıb. Bu zaman maşın idarəetməni itirərək yolun hərəkət istiqamətinə keçib. Qəza Ermənistanın Armavir vilayətində baş verib. Trend-in məlumatına görə, xəbəri "Armenia Today" yayıb.
Avtomobildə olan və müxtəlif dərəcəli xəsarətlər alan 6 hərbiçi şəhər xəstəxanasına yerləşdirilib. 21 yaşlı hərbiçi, baş çavuş Ayk Arşakoviç Davtyan xəstəxanada dünyasını dəyişib. Digər hərbiçilər Ermənistan MN-in mərkəzi klinik hospitalına yerləşdiriliblər.
Faktla bağlı Ermənistan MN-nin İstintaq Xidmətinin 4-cü qarnizon istintaq şöbəsində CM-nin 377.2-ci maddəsi ilə (sürücülük qaydalarının pozulması) cinayət işi açılıb. Göstərilən maddə üzrə cinayət törətməkdə şübhəli bilinən baş leytenant Hamlet Amayakoviç Virabyan saxlanılıb. Cinayət işi ilə bağlı ilkin istintaq davam edir.
İnsidentlə əlaqədar müdafiə naziri Seyran Ohanyan təcili iclas çağırıb. İclasda insidentə görə məsuliyyət daşıyan komandirlər iştirak edib.