Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Dünən səhər İranın Mazandaran əyalətinin Sari şəhərində çıxış edərkən Prezident Mahmud Əhmədinejada ayaqqabı ataraq hücum edən şəxs həbs olunub. Bu barədə Trend İranın MEHR agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Rəşid Ş. adlı şəxs Mazandaran əyalətində fəaliyyət göstərən tikiş fabriklərinin birində çalışan fəhlə olub. O bir ildir ki, əməkhaqqı almadığı üçün Əhmədinejada öz ayaqqabısını atıb.
Prezidentə atılan ayaqqabı ona dəyməyib. Ayaqqabını atan şəxs görüşdə iştirak edənlər tərəfindən yaxalanıb və döyülüb. Polis həmin şəxsi iştirakçıların əlindən zorla ala bilib.
Məlumatda bildirilir ki, Sari şəhərindən olan Əhmədinejad tərəfdarları Prezidentdən bu hadisənin baş verməsinə görə üzr istəyiblər.
İran KİV-lərinin məlumatına görə, Əhmədinejada ayaqqabı atan şəxs bir neçə il öncə sabiq prezident Məhəmməd Xatəmiyə də yumurta atmışdı. Həmçinin bir müddət öncə İranın Urmiya şəhərində də Əhmədinejada ayaqqabı atmışdı.