Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Dubaydan Bakıya qanunsuz yolla telefon aparatlarının gətirilməsi faktı aşkarlanıb.
Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Pərviz Həmidov gömrük nəzarətindən "yaşıl" kanalla keçərkən, hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
Ona məxsus baqaja baxış keçirilib. Baxış zamanı ona məxsus çamadandan Həmidovun şifahi, yazılı və elektron formada bəyan etmədiyi - 8 ədəd "Samsung Galaxy SIII" markalı mobil telefon, 40 ədəd "BlackBerry 9700" markalı mobil telefon üçün gövdələr, 10 ədəd üzərində "TwinMOS Ultra-X SD 66 X 2 GB", 10 ədəd üzərində "SD HC Class 4 GB Apacer" və 10 ədəd üzərində "TwinMOS HC Class 8 GB" markalanma yazısı olan fotoaparatlar üçün yaddaş kartları və mobil telefon üçün 600 ədəd "Micro SD 2 GB" yaddaş kartı aşkar olunaraq protokol əsasında götürülüb.
Faktla bağlı araşdırma aparılıb.