Azərbaycan, Bakı, 28 may /Trend/
Göyçay rayonuna yağan güclü yağış ciddi fəsadlar törədib.
Trend EL TV-yə istinadən məlumat verir ki, Göyçay rayonuna yağan güclü leysan səbəbindən yaranan sel suları evlərə, əkin sahələrinə ziyan vurub. Leysan nəticəsində Göyçay şəhərinin əsasən qərb hissəsinə, Ərəbcəbirli, Mirzəhüseynli və Şəhadət kəndlərinə zərər dəyib.
Güclü sel səbəbindən şəhərdə və kəndlərdə 200-dən artıq evin həyətyanı sahəsinə, mənzillərin zirzəmilərinə, tövlələrə, pomidor və xiyar istixanalarına, kafe və çayxanalara, sosial obyektlərin ərazisinə 50 santimetr hündürlüyündə yağış suyu dolub, qalın lil qatı meydana gəlib. Kəndlərdə sakinlərə məxsus bəzi fərdi həyətyanı sahələrdəki toyuq-cücəni sel aparıb. Küçələrdə keçilməz gölməçələr yaranıb, beton və metal su ötürücüləri dağılıb. Dərin yarğanlar əmələ gəlib, leysan həyətyanı sahələrin hasarlarını və yardımçı tikililəri uçurub.
Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 216-218-ci kilometrlik hissəsi bir saata yaxın bağlı qalıb. Yolun üzərindən 50 santimetr hündürlüyündə axıb keçən yağış suyu səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşıb.