Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:59-da yayılıb)
Azərbaycan, Bakı, 5 iyun /Trend/
Moskva metrosunda baş vermiş fövqəladə hal zamanı xəsarət alanların sayı 59 nəfərə çatıb. Trend-in məlumatına görə, Rusiya Səhiyyə Nazirliyindən RİA Novsoti-yə bildiriblər ki, xəsarət alanlardan 11 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, xəstəxanaya yerləşdirilənlərin hamısına yanmış məhsullardan zəhərlənmə diaqnozu qoyulub, onların vəziyyəti nisbətən qənaətbəxşdir. Digərlərində isə stressə görə kəskin reaksiya və zəhərlənmənin yüngül əlamətləri var.
Nazirliyin məlumatına əsasən, xəsarət alanlardan biri - yeniyetmə qız reanimasiya şöbəsindədir.
Xatırladaq ki, çərşənbə günü səhər saatlarında Moskva metrosunda "Biblioteka imeni Lenina" və "Oxotnıy Ryad" stansiyaları arasında enerji kabeli yanıb. Yanğın zamanı tuneldə qalan vaqon "Biblioteka imeni Lenina" stansiyasına gətirilib.