Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycan gömrükçüləri Türkiyədən gələn Rusiya vətəndaşından külli miqdarda zinət əşyaları götürüblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşı Razakov Maqomedkamil Maqomedşapiyeviçin etibarnamə ilə idarə etdiyi "Mersedes-Benz 0303" markalı, "M 976 PA 05" dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, sürücünün oturacağının arxasında, döşəmənin altında alətlər üçün düzəldilmiş yerdən qara polietilen torbaya bükülmüş vəziyyətdə, ümumi çəkisi təxminən 10 kq olan gümüş bağlar, qabaq sağ oturacağın üstündə yerləşən rəfdən 10 ədəd gümüşdən hazırlanmış sünbül şəklində bəzək əşyası aşkar edilərək saxlanılıb. Bundan sonra yük yerində olan yüklərə "Smiths" markalı X-RAY detektoru ilə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı qutularda olan ərzaq yükünün altından gümüşdən hazırlanmış 2 kq bağlar, 1983 ədəd boyunbağı, 49 dəst tana-kulon-üzük, 47ədəd təsbeh, 41ədəd üzük, 31 ədəd bilərzik, 3 ədəd kulon və 2 cüt tana, 8 ədəd qənd qabı, 3 ədəd küpə şəklində qab və 24 ədəd stəkan gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.