FHN-in məlumatı əlavə olunub (ilk xəbər saat 18:18-də yayılıb
Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Xırdalanda çoxmərtəbəli binada yanğın baş verib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Ər Riyad" Ticarət Mərkəzindən Xırdalan şəhəri istiqamətində yeni tikilidə baş verən yanğın güclü külək nəticəsində ətrafa yayılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub.
Hazırda binada yaşayan sakinlər təxliyyə edilir.
Fövqəladə Hallar Nazirliyi Xırdalanda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
Trend-in məlumatına görə, nazirliyin rəsmi saytında qeyd olunur ki, Abşeron rayonu, Xırdalan şəhərində 13 mərtəbəli yaşayış binasının çardağında yanğın baş verib. Dərhal FHN-in müvafiq qurumları hadisə yerinə cəlb edilib.
Hazırda binanın çardağının yanar konstruksiyaları yanmaqda davam edir. Nazirliyin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyyə edir və təhlükəsizlik tədbirləri görürlər.
Xəsarət alanlar barəsində məlumat yoxdur. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.