Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Qaxda ana və azyaşlı qızının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Trend Kanal S-ə istinadən xəbər verir ki, ana və azyaşlı qızının ölümü ilə nəticələnən ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun 80-cı kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhəri Sabunçu rayon sakini, 1959-cu il təvəllüdlü Azər Hüseyn oğlu Davudov idarə etdiyi "Nissan X-trail" markalı, "90 SA 548" dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü A.Davudov xəsarət almasa da, avtomobildə olan sərnişinlərdən - sürücünün həyat yoldaşı 1966-cı il təvəllüdlü Gülçöhrə Məhəmməd qızı Davudova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəsrəxanasına yerləşdirilib. Avtomobildə olan digər sərnişinlər - Zaqatala şəhərində doğulan, hazırda Bakı şəhərində yaşayan 1969-cu il təvəllüdlü Nərgiz Rafiq qızı İbrahimova və onun azyaşlı övladı 2008-ci il təvəllüdlü Firuzə İlham qızı İbrahimova Qax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən yolda keçiniblər.
Qəza nəticəsində ölən N.İbrahimova bu gün səhər saatlarında Zaqatala rayonunun Qımır kəndində ölən atası Rafiq Xamməmmədovun dəfn mərasimində iştirak etmək üçün rayona gəlirmiş.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.