Yeni məlumat əlavə olunub (ilk xəbər 14 may saat 09:20-də yayılıb)
Azərbaycan, Bakı, 15 may /Trend/
Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
T.Yıldız bundan əvvəl 274 nəfərin həlak olduğunu demişdi.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
T.Yıldız bildirib ki, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Hazırda 90 nəfər dağıntılar altındadır.
Onun sözlərinə görə, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.
Nazir bundan əvvəl qeyd etmişdi ki, qəza vaxtı mədəndə 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.
Partlayış işçilərin növbə dəyişikliyi zamanı olub.
Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl mədənlərdən birində, yerin təxminən 2 km dərinliyində baş verib.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.
Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.
Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.