Azərbaycan, Bakı, 18 iyul /Trend/
Bu gün səhər saatlarında Rusiyanın Stavropol diyarının Georgiyevsk rayonunda "Koçubey-Zelenokumsk-Mineralnıye Vodı" avtomobil yolunda qəza baş verib. Trend-in məlumatına görə, bu barədə "Rossiyskaya qazeta" RF DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinə istinadən xəbər yayıb.
Zelenokumsk şəhərindən Georgiyevsk şəhəri istiqamətində hərəkət edən "Mersedes" mikroavtobusunun sürücüsü müəyyən olunmamış səbəblərdən əks hərəkət zolağına çıxaraq qarşıdan gələn "VAZ 2113" markalı avtomobili ilə toqquşub.
Qəza nəticəsində "Lada"nın sürücüsü həlak olub və səkkiz nəfər müxtəlif ağırlıq dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar arasında mikroavtobusun azərbaycanlı sakinlər olan sürücüsü və beş sərnişini, eləcə də minik avtomobilinin iki sərnişini var.
Xəsarət alanlar Georgiyevsk Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar və onlara tibbi yardım göstərilir. Hadisə yerində DYP-nin əməkdaşları və təcili xidmət mütəxəssisləri işləyir. Yol qəzasının baş verdiyi şərait araşdırılır.