Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Neft meydançaları arasındakı estakadada baş vermiş uçqun zamanı itkin düşmüş şəxsin cəsədi tapılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ötən gün "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş vermiş, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılmışdı. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək təmir işləri aparmış, beləliklə yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınmışdı. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçmuş və onlar dənizə düşmüşdülər. Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib.
İtkin düşmüş 1 nəfərin - NQÇİ-nin təmirçi-çilingəri olmuş, 1971-ci il təvəllüdlü Yusifov Oqtay Nazim oğlunun axtarışı ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən davam etdirilib, noyabrın 7-də saat 11:30 radələrində onun cəsədi hadisə yerindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.