Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:22-də yayılıb)
Azərbaycan, Bakı, 19 may /Trend, müxbirlər Elçin Mehdiyev, Ənvər Məmmədov/
Bakıda daha bir binanın üzlüyü yanır.
Trend-in məlumatına görə, Bakının Azadlıq prospektində 16 mərtəbəli binada güclü yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Binanın üzlüyü alışıb.
X X X
Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.
XXX
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, "Azadlıq" prospektində yerləşən binada baş verən yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.
XXX
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, baş verən yanğınla bağlı çoxlu sayda briqada hadisə yerinə cəlb olunub.
10-dan artıq təcili yardım maşını hadisə yerindədir.
Yanğın zamanı xəsarət alanlar və ölənlər barədə hələ ki məlumat yoxdur.
XXX
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsinə bir helikopter də cəlb edilib. Hadisə yerində 10-dan artıq yanğınsöndürən maşın var.
XXX
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, yanğın nəticəsində biri azyaşlı olmaqla 2 nəfər ölüb. 15 yaralı isə qeydiyyata alınıb. Xəsarət alanların 7-si Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdırılıb.
Hazırda hadisə yerində təcili yardımın 30 briqadası işləyir.
XXX
Azərbaycanın daxili işlər naziri və baş prokuroru Bakıda yanğın baş verən əraziyə gəlib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən ərazidədirlər.
Trend-in məlumatına görə, Zakir Qaralov hadisə yerində olan jurnalistlərə bildirib ki, yanğın nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
XXX
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, bina yanğını zamanı ölənlərin sayı 6 nəfərə çatıb, xəsarət alanlar isə 20 nəfərdir. 6 nəfərə hadisə yerindəcə ilkin yardım göstərilib.
XXX
Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsi ilə bağlı FHN tərəfindən operativ qərargah yaradılıb.
Qərargahda sakinlərə yanğın zamanı binada qalanlar barədə operativ məlumatlar verilir.
XXX
Trend Səhiyyə Nazirliyinin saytına istinadən rəsmi məlumatı təqdim edir: "Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar xəstəxanalarda yerləşdirilən yaralıların həyati təhlükəsi yoxdur.
Ən son məlumatlara əsasən, 50 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.
Hazırda yaralıların əksəriyyəti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib. Digər yaralılar Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-yə və Yanıq şöbəsinə yerləşdiriliblər.
10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.
Hazırda səhiyyə nazirinin müavinləri xəstəxanalardadır, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olur və lazımi göstərişlər verirlər.
Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili və təxirəsalınmaz tibbi yardım briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır".