...

Şəmkirdə oğurluq, Gədəbəydə quldurluq törətdilər (FOTO)

Hadisə Materials 9 Noyabr 2015 15:55 (UTC +04:00)
Şəmkirdə oğurluq, Gədəbəydə isə quldurluq törətdilər.
Şəmkirdə oğurluq, Gədəbəydə quldurluq törətdilər (FOTO)

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Şəmkirdə oğurluq, Gədəbəydə isə quldurluq törətdilər.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir polisi oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb. Sonradan məlum olub ki, onlar qrup halında Gədəbəy sakinlərinə qarşı quldurluq da ediblər. Həmin şəxslər quldurluq yolu əldə etdikləri nağd pulu öz aralarında ata malı kimi bölüblər. Qızıl-zinət əşylarını isə qrup üzvlərindən biri "oğrudan oğruya halaldır", deyərək özünə götürüb.

Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Könül Şəmmədovaya məxsus mənzildən xeyli miqdarda qiymətli əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - 31 yaşlı Ramil Haqverdiyev və 21 yaşlı Firdovsi Kərimov saxlanılıb. Sonradan istintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslər tanışları - Şəmkir sakini 32 yaşlı Aydın Rüstəmov, Gədəbəy sakini 40 yaşlı Arzu Əliyev və hələlik adı istintaqa məlum olmayan şəxslə birlikdə Gədəbəy rayonunun Slavyanka kəndində quldurluq hadisəsi də törədiblər.

Şəmkir rayon Polis şöbəsinin rəis müavini Ramil Mustafayev deyib: "Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan Rüstəmov Zakir Mikayıl oğlunun yaşadığı ünvana maskalı halda qanunsuz daxil olaraq oradan 4300 manat və 300 ABŞ dolları, eləcə də xeyli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə əldə ediblər. Həmin şəxslər tərəfimizdən saxlanılaraq istintaq orqanlarına təhvil verilib".

Z.Rüstəmovun evinə gecə saatlarında daxil olan maskalı şəxslər onun gəlini və nəvəsinin əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıblar. Sonra isə onları bıçaqla hədələyərək pul və qiymətli əşyaların yerini deməyi tələb ediblər. Bu üsulla evdən xeyli miqdarda nağd pul və qızıl-zinət əşyalarını götürən dəstə üzvləri daha sonra ərazidən uzaqlaşıblar.

Saxlanılan şəxs F.Kərimov: "Mağazadan corab, aptekdən əlcək götürüb Gədəbəyə getdik. Sonra maşınla həmin ünvana çatdıq. 3 məhlə keçəndən sonra ot bağlmasının arxasında gizləndik".

Saxlanılan şəxs A.Rüstəmov: "Məhlə qapısından içəri daxil olduq. Əvvəlcə uşağın əl-qolunu bağladıq. Sonra mən qaldım uşağın yanında, onlar böyüklər olan otağa getdilər. Sonra isə hər şeyi - pulu, qızılı götürüb çıxdıq. 3700 manat pul sayıldı gözümün qabağında, qızılın nə qədər olduğunu görmədim. Bir ədəd də qızıl saat gördüm. Başımızda maska, əlimizdə də əlcək".

Əldə etdikləri pulu dərhal öz aralarında bölən maskalı şəxlər qızıl-zinət əşyalarını satmaq üçün dəstə üzvlərindən birinə veriblər. Həmin şəxs isə quldur dostlarına xəyanət edərək aradan çıxıb.

Saxlanılan şəxs R.Haqverdiyev: "Evə girdik, qızıl və pul götürdük. Pulu böldük. Qızılı isə bir nəfər bizim əlimizdən götürüb qaçırdı. Öz yoldaşımız apardı".

Saxlanılan şəxs A.Əliyev: "Pulu götürəndən sonra böldük, hərəmizə 700 manat pul düşdü. Bir yerdə evə daxil olub, quldurluq etmişik".

Cinayətkar dəstənin qızılları götürüb aradan çıxan üzvünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların digər şəhər və rayonlarda da analoji cinayət hadisələri törətdikləri istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti