...

Hakim oğlunu öldürməkdə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşıb

Hadisə Materials 31 Yanvar 2017 12:57 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə törətdiyi qəzada öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim oğlunu öldürməkdə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə törətdiyi qəzada öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəməyə sənəd təqdim edib. O bildirib ki, təqsirləndirilən şəxs R.Kərimovun himayəsində azyaşlı uşaq var və bununla bağlı həmin sənəd cinayət işinin matreallarına əlavə edilsin.

Sonra R.Kərimovun digər vəkili Orxan Əhmədov videogörüntülərin yenidən ekspertizasının keçirilməsini istəyib. O bildirib ki, ittihamda təqsirləndirilən şəxsin hadisə vaxtı narkotik qəbul etməsi göstərilib. Buna görə də, videogörüntülər təkrar nümayiş olunmalı və onun barəsində ekspertiza keçirilməlidir.

Məhkəmə vəsatətləri təmin etməyib. İclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

İttihama görə, bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib. Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə nəticəsində dünyasını dəyişən 19 yaşlı R.Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi E.Allahverdiyevin oğludur. O, ADA Universitetində 3-cü kurs tələbəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti