Bakı. Trend:
Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu əməliyyatlar davam etdirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.
DSX-dən Trend-ə verilən məlumata görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat daxil olub. Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətində təşkil edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:45 radələrində dövlət sərhədini pozmağa cəhd edərkən İran İslam Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saxlanılıb.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram olan narkotik vasitə “tiryək” aşkarlanaraq götürülüb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar Astara rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İİR vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini 1986-cı il təvəllüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin araşdırma zamanı A.Məmmədov 23 fevral tarixində gecə saatlarında Astara rayonunun Ərçivan kənd sakini 1986-cı il təvəllüdlü Hacıyeva Vüsalə Qurban qızı ilə birlikdə Astara rayonunda yerləşən “İstisu” adlanan əraziyə gəlmələri və İİR vətəndaşı ilə görüşərək ondan narkotik vasitə əldə etmələrini etiraf edib.
Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral tarixində V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram “heroin”, 540 qram “marixuana”, 300 qram “metamfetamin”, 64 ədəd tropikamid “mydrax”, 100 konvalyutda “preqabalin-150” aşkarlanaraq götürülüb.
Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, barələrində “həbs” qətimkan tədbiri seçilib.
İİR vətəndaşı Tahiri Müqəddəm Rza Əbdüləli oğlunun 2005-ci ildə dövlət sərhədini pozduğuna və narkotik vasitələrin qaçaqmalçılığına görə DSX əməkdaşları tərəfindən saxlanılaraq məhkum olunması, Hacıyeva Vüsalə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.