...

Kafedə bir nəfəri bıçaqla qətlə yetirən, bir neçə nəfəri yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 13 Aprel 2021 10:56 (UTC +04:00)
Kafedə bir nəfəri bıçaqla qətlə yetirən, bir neçə nəfəri yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. Samir Əli - Trend:

11 avqust 2020-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İmişli rayon prokurorluğundan Trend-ə verlən məlumata görə, istintaqla 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində kənd ərazisində yerləşən kafelərin birində alkoqol sərxoşluğu vəziyyətində əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə, həmçinin ətrafdakı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə və nəqliyyat vasitələrinə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.10 (təkrarən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti