...

Mən yerə yıxılanda gözümün qarşısında anamı bıçaqladı - Zərərçəkmiş

Hadisə Materials 8 İyul 2022 15:00 (UTC +04:00)
Mən yerə yıxılanda gözümün qarşısında anamı bıçaqladı - Zərərçəkmiş
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs B.Məmmədov özünü qismən təqsirli bilib.

Daha sonra mərhumun qardaşı, zərərçəkmiş şəxs qismində ifadə verən Heydər Hacıyev ittiham aktında qeyd olunan hadisənin motivləri ilə razı olduğunu bildirib: "Fevralın 25-i axşam saatlarında işdən evə gələndə zəng gəldi ki, bacımın ailəsində münaqişə baş verib. Bacım ölümlə hədələndiyini və evin yandırılacağını deyirdi. 34-cü polis bölməsinə gedərək bacımın ailəsində hadisə olacağı haqda məlumat verdim. Lakin o, hər şeyin yaxşı olacağını və hər ailədə söz söhbətin olduğunu dedi. Sonra gəldim bacımın evinə, Bəxtiyarla maarifləndirici söhbətlər etdik. Dedim ki, mən sənə müəyyən məbləğdə pul verirəm, get rayonda istirahət elə, bir az əsəblərin sakitləşin və psixoloji cəhətdən gümrah ol. Sonra o, mənə bıçaq vurdu, ikinci dəfə də vurmaq istəyəndə güc edib geri çəkildim və yerə yıxıldım. Mən yerə yıxılı vəziyyətdə gözümün qarşısında anamı da bıçaqladı. Bacımı qətlə yetirəndə huşsuz idim deyə görməmişəm".

Mərhumun anası zərərçəkmiş Fəridə Hacıyeva deyib ki, hadisə baş verməmişdən qabaq qızı ilə telefonda danışıb: "Bəxtiyar oğlumu bıçaqlayandan sonra mənə hücum edib sinəmdən bıçaq vurdu. Sonra qızımı öldürdü".

Zərərçəkmiş Elnar Hacıyev bildirib ki, hadisə barədə ona qızı məlumat verib: "Mənə məlumat verildi ki, oğlun Baku Medical Plazaya, yoldaşın 3 nömrəli şəhər xəstəxanasına gətirilib. Qızımı soruşduqda susdular. Oğlumun yanına gedəndə dedi ki, məndən narahat olma, get bacıyla anamın yanına. Yoldaşımın yanına gedib qızımı soruşduqda onun öldüyünü dedilər. Çox təəssüflər olsun ki, mənim qızım bu adamla ailə quranda bilmirdik ki, onun bir neçə dəfə məhkumluğu olub. Nə qədər borcları üstümüzə yığdı və məcbur olub biz ödədik. Qızımın qızıllarını lombarda qoyub narkotikə sərf edib. Narkomanlara qoşulmuşdu. Məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edirəm".

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, B.Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

B.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti