Bakı. Trend:
Xızı rayonunda təhlükəli partlayıcı sursatlar açkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi ərazisində partlayış təhlükəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd döyüş başlıqsız 9m22s markalı “Qrad” mərmisi və 1 ədəd döyüş tətbiqinə yararlı TAB-50 markalı aviabomba olduğu müəyyən edilib.
Hadisə yerinə FHN-in Mülki müdafiə qoşunlarının və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da cəlb olunub.
Mərmilər XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.