...

İŞİD-ə qoşulmayanları öldürürdülər - Suriyada döyüşən azərbaycanlı

Hadisə Materials 8 Sentyabr 2022 11:35 (UTC +04:00)
İŞİD-ə qoşulmayanları öldürürdülər - Suriyada döyüşən azərbaycanlı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Azərbaycan vətəndaşları Orxan Zərbəliyev və Səfa Dabaxovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs S.Dabaxov əməlindən peşman olduğunu bildirib.

"4 azyaşlı övladım var. Ən böyüyünün 8 yaşı var. 4 övladımı və həyat yoldaşımı qoyub, Suriyaya getdim. Əvvəlcə mənə orada rahat yaşayış vəd olundu. Demişdilər ki, orada heç bir maneə olmadan dini inanclarıma da əməl edə biləcəyəm. Bu vədlərə aldanıb ora getdim. Gedəndən bir müddət sonra vədlərin doğru olmadığını gördüm, peşman olsam da geri qayıtmaq imkanım yox idi. Mənə demişdilər ki, Suriyada yaşamaq, dini ibadət rahat olacaq, sonra ailəni də gətirərsən. Getdim, gördüm ki, deyildiyi kimi deyilmiş.

Suriyada ayaqlarımdan yaralandım. 2022-ci ilin fevralında Azərbaycana qayıtdım, təxminən bir həftə sonra həbs olundum.",- təqsirləndirilən şəxs bildirib.

S.Dabaxov bildirib ki, o Türkiyəyə qayıdaraq oradan sənədləri itmiş şəxs kimi Azərbaycana qayıdıb: “Mənə demişdilər ki, Bakıya çatanda səni aeroportda saxlayacaqlar, amma saxlayan olmadı. Evdə qardaşım dedi ki, məni axtarırlar. Gəldilər, izahat verdim. Sonra rayona getdim. 4 gün qalandan sonra qardaşım dedi ki, yenə axtarıblar. Bakıya qayıdıb, yenidən özüm getdim. Ondan sonra buraxmadılar. Çox peşmanam”.

Digər təqsirləndirilən şəxs Orxan Zərbəliyev də ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirib.

"Əvvəlcə tanışımın yanına Türkiyəyə getdim. Ərəb dili öyrənməyə həvəsim var idi deyə oradan Suriyaya getdim. Suriyada elə bir ərazidə yaşayırdım ki, orada kommunal xidmətlər də daxil olmaqla, bir çox məsələlər Türkiyənin nəzarətində idi.

Orada 6 ay bir, 4 ay da bir həbsdə qalmışam. “Cəbhət ən-Nüsra" İŞİD-in bir qoludur. Onlara qoşulmayanları cəzalandırırdılar. Ya öldürəcəklər, ya da qoşulmalısan. Məni də cəzalandırmışdılar. Mən heç bir toplumun tərkibində olmamışam. "Kalaşnikov" markalı avtomatım olub, amma döyüşməmişəm. Suriyada avtomat və digər odlu silahlar mağazalarda açıq satışdadır, kim istəsə ala bilər ”.

Qeyd edək ki, Orxan Zərbəliyev və Səfa Dabaxov barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti