...

Oğlumun kamera görüntülərini bizə verən şəxs də qətlə yetirilib - Zərərçəkən

Hadisə Materials 4 Oktyabr 2022 16:39 (UTC +04:00)
Oğlumun kamera görüntülərini bizə verən şəxs də qətlə yetirilib - Zərərçəkən
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində pasiyentlərə işgəncə verməkdə təqsirləndirilən “New Life” Reabilitasiya Mərkəzinin sahibi Orucəli Heydərov, mərkəzin əməkdaşları Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər onlara ünvanlanan sualları cavablayıb.

Təqsirləndirilən şəxs Orucəli Heydərov ifadəsində bildirib ki, o, 13 il narkotik aludəçisi olub və 2018-2019-cu illərdə Maştağada yerləşən “Yeni Nəsil” Reabilitasiya Mərkəzində müalicə alıb: “Müalicədən sonra işləməyə başladım. Bir müddət Nabranda reablitasiya mərkəzi açıb işlədik, sonra mərkəz dağıldı. Uşaqlar çöldə qalmasın deyə, Bakıda “Aquapark”da yer götürdüm, pasiyentləri orada müalicə edirdik. Daha sonra Qubaya getdik. 1 həftə qalandan sonra Novxanıda ev icarəyə götürüb mərkəzin fəaliyyətini davam etdirmişik. Müəyyən vaxt sonra Rafiq kişi zəng elədi ki, oğlunu müalicə etdirmək istəyir. Görüşdük, razılaşdıq, Hüseyni mərkəzə yerləşdirdik, ilk vaxtlar müalicələr Hüseynə yaxşı təsir etdi və yavaş-yavaş sağalmağa başlayırdı. Ayın 3-ü ad günündə idim. Ad günündən sonra evə gedəndə Fərhad zəng elədi ki, uşaqlardan biri də narahatdır. Maraqlandım, dedilər Hüseynin vəziyyəti yaxşı deyil. Rafiq kişiyə zəng elədim ki, gəl. Bir müddət sonra zəng elədilər ki, həkimə aparmaq lazımdır. Mən yolda olanda zəng elədilər ki, Hüseyn ölüb. Polisdən dedilər ki, reabilitasiya mərkəzinə gəl. Müstəntiq dedi ki, Hüseyn narkotikdən ölüb. Dedim, belə bir şey ola bilməz. Mənə bu gün də maraqlıdır ki, o, narkotiki haradan alıb? Kimdir ayağımızın altını qazan?”.

Pasiyentin qollarının bağlı olması və asılı vəziyyətdə saxlanılması ilə bağlı sualı cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, heç kimə elə bir göstəriş verməyib: “Elə bir göstəriş verməmişəm. Orada deyildim, xəbərim yoxdur”.

Prosesdə dövlət ittihamçısı bildirib ki, Məhkəmə Tiibb ekspertizası ilə Hüseyn Məmmədovun qanında narkotik aşkarlanıb və onun qollarının bağlanaraq tavandan asıldığı müəyyən edilib. Təqsirləndirilən şəxs isə bu barədə mərkəz işçilərinə heç bir göstəriş vermədiyini deyib.

H.Məmmədovun atası Rafiq Məmmədov isə bildirib ki, Hüseyn Məmmədovun öldüyü vaxt çəkilən kamera görüntülərini əldə edib. Həmin görüntüləri onlara mərkəzin İsrafil adlı əməkdaşı versə də, hadisədən sonra həmin şəxs də qətlə yetirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin olunub.

İttihama görə, adıçəkilən müəssisədə narkomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb. Hadisə nəticəsində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib.Digər üç nəfər-Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş zərərçəkmiş qismində tanınıb.
“New Life” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsindəki bağlar massivindəki evlərdən birində yerləşib. Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib. Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı, əzab vermə, qanunsuz azadlıqdan məhrumetməkdə təqsirləndirilir.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.
İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti