Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Adəm Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Quliyev 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, bu il aprelin 2-də, saat 11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və almış olduğu xəsarətdən saat 15 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Adəm Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.