...

Rusiya xilasediciləri Türkiyənin zəlzələ bölgələrində 10 gün ərzində işləməyi planlaşdırır

Hadisə Materials 7 Fevral 2023 18:02 (UTC +04:00)
Rusiya xilasediciləri Türkiyənin zəlzələ bölgələrində 10 gün ərzində işləməyi planlaşdırır

Bakı. Trend:

Rusiyanın xilasediciləri Türkiyənin zəlzələ olan bölgələrində 10 gün ərzində işləməyi planlaşdırır, lazım gələrsə, müddət uzadıla bilər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Tsentrospas" dəstəsinin axtarış-xilasetmə xidmətinin rəis müavini İqor Akmayev deyib.

"Bu baza düşərgəsində həyatımız, avtonom fəaliyyətimiz 10 gün çəkəcək", - o deyib.

Onun sözlərinə görə, lazım gələrsə, Rusiya rəhbərliyinin qərarı ilə fəaliyyət müddəti artırıla bilər.

Rus xilasediciləri baza düşərgəsini zəlzələdən ən çox zərər çəkən Kahramanmaraş bölgəsində salıblar. "O tam avtonomdur, bildiyim qədərilə dünyada analoqu yoxdur", - Akmayev deyib.

FHN mütəxəssisləri hər biri səkkiz saat olmaqla üç növbədə işləyəcək. İşlər sutka ərzində davam edəcək. Akmayev hər yerdə dağıntılar olduğundan işlərin həcminin çox böyük olduğunu qeyd edib. Hazırda əsas kəşfiyyat qrupu müvafiq zəlzələ yerinə kəşfiyyat üçün göndərilib.

Xatırladaq ki, ötən gün Türkiyənin cənub-şərqində 7.7 bal gücündü zəlzələ baş verib.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ nəticəsində Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş əyalətlərində ciddi dağıntılar var.

Son məlumatlara görə, zəlzələ nəticəsində 3 549 nəfər həyatını itirib, 22 168 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti