Bakı. Trend:
Bakıda kişi sosial şəbəkədə tanış olduğu qadının evini qarət edib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə bir nəfər xanım müraciət edərək “Azar” sosial şəbəkəsində tanış olduğu şəxsin onun evindən 100 dollar və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarını oğurladığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elman Eminov saxlanılıb. O, izahatında etdiyi oğurluğu etiraf edib. Araşdırma zamanı Elman Eminovun digər bu kimi cinayətlər törətməkdə şübəli bilindiyi üçün axtarışda olduğu müəyyən edilib.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Bakıxanov
qəsəbəsində yerləşən parfümeriya mağazasında satıcının mobil
telefonunu oğurlayan Xəqani İsmayılov da tutulub. Həmin şəxs
izahatında mobil telefonu satdığını bildirib.
Faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu
Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar
varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və
sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.