Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı uşağı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Nizami Rəhimlinin işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N. Rəhimli 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda sürücülük hüququ olmayan paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli idarə etdiyi avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Könül Sadıxovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.