Bakı. Trend:
Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində körpüyə çıxaraq intihara cəhd edib.
Trend xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən
müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu
tunelin üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd
edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, körpüdən düşürülüb.