Bakı. Trend:
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
Bakı Perinatal Mərkəzinin sabiq direktoru, iş üzrə təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsində hadisənin baş verməsində özünü təqsirli bilmədiyini bildirib.
Bununla yanaşı, o, ifadəsində mərkəzdə boş olan 5 tibb bacısı, 3 tibb qardaşı və çatışmayan 3 çarpayı üçün TƏBİB-ə müraciət etdiyini bildirib.
Daha sonra iş üzrə təqsirləndirilən digər şəxs Hamlet Mustafayev məhkəmədə sərbəst ifadə verib.
O bildirib ki, uzun müddətdir ki, Republika Perinatal Mərkəzində Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri vəzifəsində çalışır:
“Bizim şöbə 5-ci mərtəbədə yerləşir, 4-cü mərtəbə “Yenidoğulmuşlar terapiya” şöbəsidir. Şöbə müdiri Məryəm Rzayevadır. Mənim həmin şöbəyə aidiyyətim yoxdur. Hadisə də 4-cü mərtəbədə baş verib. Hər mərtəbənin təhlükəsizliyinə həmin şöbənin rəhbəri cavabdehdir”.
O bildirib ki, FHN DYMX-i Mərkəzə dəfələrlə yanğın təhlükəsizliyinin əməl edilməməsi ilə bağlı akt tərtib edib:
“Lakin mənim bununla bağlı sonradan məlumatım olub. Ümumiyyətlə, bu prosesin mənə aidiyyəti yoxdur. Həm mən həkiməm, həm də bu aktlar 4-cü mərtəbə üçün tərtib olunub. Həmin aktlar tərtib olunan zaman bölmə rəhbəri Məryəm Rzayeva olub. Təsərrüfat şöbəsinin rəhbəri də cərimələnib”.
Şöbə müdiri 2008-ci ildən mərkəzdə ana ölümü faktı qeydə alınmadığını bildirib.
“Məhkəmənin nəzərinə çatdırım ki, 2008-ci ildən hadisə baş verən vaxtadək Respublika Perinatal Mərkəzdə ana ölümü faktı qeydə alınmayıb. Mən 35 ildir həkiməm. Bu vaxtadək fəaliyyətimdə nöqsan olmayıb. Dəfələrlə həm mərkəz, həm də Səhiyyə Nazirliyi tərəfindən təltif olunmuşam, öz təcrübəmi bölüşmüşəm”.
Təqsirləndirilən şəxs hadisədən təəssüfləndiyini bildirərək, ölən uşaqların ailələrinə başsağlığı verib.
“Bu hadisədə özümü təqsirli bilmirəm. Hadisənin mənə aidiyyəti yoxdur. Biz ana ölümlərinin qarşısını almaq üçün çalışırdıq, amma bu hadisə əziyyətimizi yerə vurdu. Mən məhkəmənin ədalətinə inanıram”.
Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısı Orxan Səmədovun suallarını cavablayıb.
Zərərçəkən şəxs məhkəmə prosesinin qapalı keçirilməsi barəsində məhkəməyə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib.
Proses martın 17-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək, sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.