...

Məhkum yoldaşını öldürən azərbaycanlı başqa cəzaçəkmə müəssisəsinə köçürülüb

Hadisə Materials 14 Avqust 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində baş vermiş ölüm faktı ilə bağlı cinayət işi açılıb. Nizami Rayon Prokurorluğundan çərşənbə axşamı Trend ə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə istintaq aparılır. Məhbus yoldaşı Qalib Hənifəyevə ağır xəsarət yetirmiş Habil Tağıyev 1 saylı müəssisədən 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Prokurorluqdan bildirilib ki, hadisə məhkumlar arasında yaranmış mübahisə zəminində baş verib. Prokurorluq rəsmisi hadisə zamanı bir neçə nəfər məhkumun xəsarət alması barədə yayılan məlumatları təkzib edib. Tağıyev Goranboydan olan "avtoritet" Qalib Hənifəyevi itiləyərək silah halına saldığı xörək qaşığının dəstəyilə vurub. Hənifəyev əməliyyat olunmaq üçün Böyük Şor qəsəbəsində yerləşən Müalicə Müəssisəsinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti