...

"Mütəfəkkir" firmasına məxsus digər binanın sakinləri etiraz aksiyası keçiriblər

Hadisə Materials 3 Sentyabr 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakının Murtuza Muxtarov 185 küsəsində uçan "Mütəfəkkir" firmasına məxsus binaya bitişik digər binanın 30-a yaxın sakini bazar ertəsi hadisə yerində etiraz aksiyası keçiriblər.

Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən, binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 15-ə çatıb.

Sakinlərin verdiyi məlumata görə, onlar bina uçandan sonra evlərindən köçürülüblər və həmin binaya buraxılmırlar. Sakinlər tələb edirlər ki, mənzillərinə nə vaxt buraxılacaqları barədə onlara rəsmi açıqlama verilsin.

Sakinlərdən biri, Rüfət Mütəllibov jurnalistlərə açıqlamasında bildirib ki, onlara bir neçə gündür ki, hətta evlərinə gedərək orada qalan əşyalarını götürmələrinə belə icazə verilmir.

"Bizə hər hansı orqan tərəfindən evə nə vaxt buraxılacağımız barədə məlumat verilmir. Həmçinin problemin necə həll olunacağını bildirmirlər " - deyə Mütəllibov bildirib.

Xəbər lenti

Xəbər lenti