...

Qeyri-adi göbələk aşkar edilib

Maraqlı Materials 27 İyun 2012 13:56 (UTC +04:00)
Britaniyada alimlər müasir tibdə çevriliş etməyə qadir olan nadir göbələk növü kəşf ediblər.
Qeyri-adi göbələk aşkar edilib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir X.Murtuzayeva/

Britaniyada alimlər müasir tibdə çevriliş etməyə qadir olan nadir göbələk növü kəşf ediblər. O, Norfolk meşəsində tapılan poni peynində aşkar edilib. Söhbət "Poronia punctata" göbələyindən gedir. Sonuncu dəfə ona 1944-cü ildə rast gəlinib. Trend-in məlumatına görə, bu barədə Rusiya mətbuatı Britaniyanın "Press Association" saytına istinadən xəbər verir.

"Forestry Commission"un üzvü Conatan Spenserin sözlərinə görə, bu kəşf xüsusi əhəmiyyət daşıyır. İndiyədək bu göbələyə yalnız Nyu-Forest rayonunda təsadüf edilib. Alimlərin fikrincə, onun yayılması ekoloji dəyişikliklərdən xəbər verir.

Digər tərəfdən mütəxəssisləri bu göbələyin xüsusi antibiotik istehsal etməklə bakteriyalarla rəqabət aparmaq qabiliyyəti maraqlandırır. Bu mexanizm hələ elmə məlum deyil və potensial olaraq ondan insandakı bakterioloji infeksiyaların müalicəsi üçün istifadə etmək mümkündür. Qeyd etmək lazımdır ki, bu bitki yalnız ekoloji cəhətdən təmiz otla qidalanan poninin qurumuş peynində çoxalır.

Yeri gəlmişkən, 1928-ci ildə Aleksandr Fleminq təcrübə zamanı sübut edib ki, çörəyin yaşıl rəng almasına səbəb olan Penicillium kifi stafilakokla mübarizə aparmağa qadirdir. Alim göbələyin stafilakoku öldürən hansısa maddə istehsal etdiyini müəyyən edib. Daha sonralar isə ilk müasir antibiotiklərin əsasını təşkil edən penisillin molekulu əldə olunub.

Xəbər lenti

Xəbər lenti