...

Dünyanın ən bahalı içki və yeməkləri...

Maraqlı Materials 20 Oktyabr 2012 17:57 (UTC +04:00)
Məşhur "Ananasları ye, qarabağırları çeynə, sənin son günün gəlir, burjua" şeiri çoxlarına tanışdır. Amma indiki "burjualar" üçün ananaslar və qarabağırlar artıq maraqsızdır. Müasir dünyada o qədər qeyri-adi, nadir və bahalı məhsullar var ki, əgər pul olsa onların hamısını əldə etmək mümkündür.
Dünyanın ən bahalı içki və yeməkləri...

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Məşhur "Ananasları ye, qarabağırları çeynə, sənin son günün gəlir, burjua" şeiri çoxlarına tanışdır. Amma indiki "burjualar" üçün ananaslar və qarabağırlar artıq maraqsızdır. Müasir dünyada o qədər qeyri-adi, nadir və bahalı məhsullar var ki, əgər pul olsa onların hamısını əldə etmək mümkündür.

Fransanın Nurmuatye adasında yetişdirilən "La Bonnotte" adlı kartof sortu çox zərifdir. Onun yetişdirildiyi sahə dəniz yosunları ilə gübrələnir. O, yalnız əllə yığılır və çox məhdud miqdarda olur. Belə kartofun bir kiloqramının qiyməti 500 avroya bərabərdir.

Dünyada ən bahalı ətin "xüsusi istehsalçısı" Yaponiyanın Vaqiu inəklərinin mərmər mal ətidir. Lakin indi onları yalnız Yaponiyada deyil, Avstraliyada da yetişdirirlər. Bu inəkləri ən yaxşı otlarla otarırlar, Yaponiyada onlara pivə, Avstraliyada isə bahalı qırmızı şərab içirdirlər. Avropa ölkələrində 100 qram file ən azı 100 dollara başa gəlir. Amma delikates, ən yaxşı tikələrin qiyməti min dollara çata bilər.

Fua-qranın - qazın ayrıca yağlı qaraciyərinin bir kiloqramı onun əsas istehsalçısının vətəni Fransada orta hesabla 70 avro təşkil edir. Qaraciyərin yağlı olması üçün quşu borunun köməyi ilə səylə çox artıq yedizdirirlər.

Dünyada ən bahalı kürü ağ balığın kürüsüdür. Qeyd edək ki, ağ balıq Xəzərdə yaşayan nərəkimilərin ən nadir növlərindən biridir. Onun kürüsü ən iri kürüdür. Kürünün rəngi açıq olduqca, kürü bir o qədər bahalı olur. Ona görə də ağ balıq kürüsünün ən bahalı növü almaz kürüdür. O, albinos ağ balıqdan əldə olunur. Onu İranda istehsal edirlər və qızıl bankalara doldururlar. Bu kürünün 100 qramının qiyməti 2000 dollardır.

Təhlükəli fuqa balığının bir kiloqramı orta hesabla 750 dollardır. Bu balıqda hazırlanma prosesində qatılığı azalan təhlükəli zəhər var. Lakin təəssüf ki, ölüm hallarına təsadüf edilir.

Çoxayaqlı dəniz xərçənglərinin də qiyməti ucuz deyil. Bir kiloqramı 200 dollar. Omarların xüsusi xırçıldayan çəhrayı əti olur.

Göbələklərin ən bahalısı İtaliyanın şimalında yetişən ağ trufel hesab edilir. Bu göbələklər torpağın altında bitir. Onları donuzların və itlərin köməyi ilə tapırlar. Bu göbələyin bir kiloqramının qiyməti 200 min dollara çata bilər.

Amma Yaponiyada bitən matsutake göbələkləri bir qədər ucuzdur. Yəni bir kiloqramı cəmi 2000 dollar təşkil edir. Onlar nadir göbələklərdir. İş burasındadır ki, onların yetişdirildyi kənd Yer üzündən itmək təhlükəsi qarşısındadır.

Dünyada ən bahalı şokolad ABŞ-ın Konnektikut ştatındakı "Chocopologie by Knipschildt" firmasının hazırladığı eyniadlı şokoladdır. Bu tünd rəngli şokoladın qiyməti 5 min dollardır! Bu firma daha bir eksklüziv istehsal edir. Şokolad trüfelinin bir kiloqramının qiyməti 6000 dollardır.

Əgər siz piroqa üstünlük verirsinizsə, onda qızıl piroq yemək mümkündür. Amma onun üçün minlərlə dollar ödəmək lazımdır. Yeri gəlmişkən, İstanbulun "Çırağan Palace" hotelində satılan bu şirniyyatın tərkibinə qara fransız trüfeli, Polineziyadan gətirilmiş vanil paxlası, həmçinin bir neçə il ərzində Yamayka pomunda turşuya qoyulmuş meyvələr: ərik, armud, əncir və heyva daxildir. Bu piroq ona görə qızıldır ki, onun üstü 24 karatlıq yeməli qızılla örtülüb. Doğrudur, nədənsə pirojnanın qutusu qızıl yox, gümüşdür.

Nyu-Yorkdakı "Serendipity 3" restoranında isə 25 min dollara qaymaqlı dondurma satılır. Bu, qaymaqla çalınmış kakaonun 25 növündən, yeməli qızıl tikələrindən və yuxarıda adıçəkilən "Knipschildt Chocolatier" firmasının şokoladı ilə hazırlanır. Onun verildiyi qədəh almaz inkrustasiya və qızıl haşiyə ilə bəzənib. Ona üzərində almazlar olan qızıl qaşıq da əlavə edilir. Bu, qab-qacağı özünlə restorandan götürməyin mümkün olduğu nadir hadisədir.

"Fastfood"dan ucuz daha nə ola bilər? Amma yox. Dəyəri 200 dollar olan sendviç var. Bu, "Fon Essenin latinli klub sendviçi"dir. Onun komponentlərinin arasında ağ trüfellər, qurudulmuş pomidorlar, iberiya vetçinası, aristokratik bresskaya pulyarka quşu, bildirçin yumurtaları və eksklüziv xəmirdən hazırlanmış çörək var.

Lakin 5000 dollara sendviç də var. Niyə belə baha olduğu tam aydın deyil. Hə, əlbəttə, o, Kobe mal ətinin kotletindən, yerdombalanı sousu ilə örtülmüş qaz qaraciyərindən, brioş bulkasından hazırlanıb. Üstəgəl, bonus kimi bir şüşə gözəl "Şato Petrus" şərabı...

Həmçinin, hamburger də baha başa gələ bilər - 120 dollara. Bu "Trüfellə ikiqat kral hamburgeri"dir. Məşhur baş aşpaz Daniel Boludanın resepti ilə hazırlanan bu hamburgerin tərkibinə qırmızı şərabda və meyvə qarışığında turşuya qoyulmuş ət, fua-qra və konservləşdirmiş trüfellər daxildir. Onun dadına Nyu-Yorkun "DB Bistro Moderne" restoranında və ya Boludanın Las-Veqasdakı şəxsi müəssisəsində, dekabrın sonundan martın sonunadək (qara trüfel mövsümündə) baxmaq olar. Yemək ev bulkasında lalə, tomat cemi, təzə pomidorlar, salat və qırmızı soğanla verilir.

"Burger King" şəbəkəsinin bəzi müəssisələrində 170 dollara ləziz mavi pendir, mərmər dana əti və fua-qra ilə çizburger satılır.

XIII Luis pitsasının qiyməti 8300 avrodur. Onun tərkibində qırmızı lanqust, 3 növ kürü, ləzzətli motsarella buffalo pendiri, dəniz xərçəngi, həmçinin Murrey çayından Avstraliya çəhrayı duzu var. Pitsa müştərinin gözü qarşısında hazırlanır.

Əlbəttə, bütün digərlərinin fonunda Londonun "Harrods" mağazasında "Roquefort and Almond Sourdough Bread" adlı ən bahalı çörəyin qiyməti olduqca cüzidir. Yəni sadəcə, 25 funt sterlinqə. Çörək ən yüksək növ undan hazırlanıb, xəmir ən yaxşı Rokfor fransız pendiri və badamla mayalanır.

Yarım kiloqram zəfəranın qiyməti 500-dən 5000 dollaradək dəyişir. Bu ədviyyatın 100 qramının hazırlanması üçün əlli min bənövşəyi zəfəran gülü emal etmək lazımdır.

Çinin "Daxunpao" çayının adı "Böyük qırmızı xalat" kimi tərcümə olunur. Bu çay məşhur Tyansir monastırının yaxınlığındakı 6 qədim koldan ildə maksimum yarım kiloqram olmaqla yığılır. Kolların yaşı 350 ilə çatır. Bu çay hərracda satılır. Məsələn, bu çayın 20 qramı 25 min dollara satılmışdı, növbəti il isə Milli Çay Muzeyinə verilib.

Paket çaylarına gəldikdə isə İngiltərədəki firmalardan biri 7,5 min funt sterlinq dəyərində çay hazırlayıb. Həm də burada məsələ çayda deyil: qablaşdırmada 280 brilyantdan istifadə olunub.

"Kopi Luwak" kofesinin qiyməti də son dərəcə heyranedicidir - bir kiloqramı 600 dollara yaxın. Axı qəhvə dənələri Asiya palması dələsinin qida borusu vasitəsilə buraxılır... Bu qəhvəni yalnız Yava və Sumatra adalarında, Malayziyada və Filippində yığırlar.

Hətta içməli su da qeyri-adi dərəcədə bahalı ola bilər. Əgər bu "Kona Nigari" suyudursa. Onu Havay adalarında, okeanın lap dərinliyində əldə edirlər. Yəni dəniz suyunu şirinləşdirirlər və duzdan təmizləyirlər, amma onsuz da onu adi su ilə qarışdırmaq lazım gəlir. Bu suyun beş litrlik butulkasını 2 min dollara əldə etmək olar.

Londonun "Bierdrome" barında satılan "Vieille Bon Secours" adlı Belçika pivəsi dünyada ən bahalı pivədir. Bir butulkanın dəyəri min dollardır.

Dünyada bahalı rom ehtiyatları tədricən tükənir. Bu rom 1940-cı ildə Yamaykanın "Wray&Nephew" şirkəti tərəfindən butulkalara doldurulub. Ondan yalnız dörd butulka qalıb. Onlardan hər birinin qiyməti 53 min dollardır.

Ən bahalı şampan isə "Perrier Jouet Belle Epoque Blanc de Blanc"dır. O, "Cotes des Blancs" adlı ərazidəki üzümdən əldə olunur. Həm də yalnız ən yaxşı məhsul illərində. Bu şampan şərabının bir şüşəsinin dəyəri 4 min avrodan çoxdur.

Ən bahalı martini "Almaz"dır. Qiyməti 16000 dollardır. Həm də məsələ içkinin keyfiyyətində və dadında deyil, butulkaya 1,6 karatlıq brilyantın qoyulmasındadır. Həm də o, yalnız bir yerdə - Tokiodakı "Ritz-Carlton" hotelində satılır.

1951-ci ilin "Dalmore Sirius" şotland viskisinin bir şüşəsinin dəyəri 12 min dollardır.

Ən bahalı konyak "Hennessy" Konyak Evinin "Beaute de Siecle" konyakıdır. Bir şüşəsinin qiyməti 210 min dollardır. Bahalı olmasına baxmayaraq, yüzlərlə butılkadan ibarət bütün tiraj artıq satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti