Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Dekabrın 15-də Nyu-Yorkda ilk daimi "pişik" kafesi açılıb. Trend xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Müəssisəyə "Meow Parlour" adı verilib. Kafedəki "ulduz"larla 30 dəqiqəlik ünsiyyət üçün 4 dollar ödəmək lazım gəlir.
"Meow Parlour"-u Ketrin Ha və Emili Leqran düşünüblər. Onların əsas məqsədi burada təkcə qəhvə və yemək-içmək satmaq deyil, həm də xilas olmuş pişiklərə "KittyKind" layihəsi çərçivəsində yeni ev tapmaqda kömək etməkdir.
Kafenin ziyarətçiləri buraya yarım saatlığa gəlməklə pişiklərlə təmasda ola bilərlər. Kafedə "Wi-Fi"-dan beş saat pulsuz istifadə etmək də mümkündür.
Qeyd edək ki, "pişik"kafesi ilk dəfə 1990-cı illərdə Asiyada yaranıb. Sonralar onlar Avropada və Yaxın Şərqdə də meydana çıxıblar. Parisdəki belə kafedə isə "pişik terapiyası"da tətbiq edilir.