Bakı. Trend:
Amerikanın biotexnologiya və gen mühəndisliyi şirkəti "Colossal Biosciences" alimləri 2028-ci ilə qədər mamontları həyata qaytarmağı hədəfləyirlər.
Trend xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşrinə şirkətin baş elmi işçisi Bet Şapiro məlumat verib.
Hazırda "Colossal Biosciences" mamontların yetişdirilməsi üçün uyğun yer axtarır və bir neçə ölkə ilə danışıqlar aparır. Layihə çərçivəsində mamontların DNT nümunələri əbədi dondan əldə ediləcək və körpə mamont Hindistandan olan surroqat ana fil tərəfindən daşınacaq. Alimlər əsas məqsədin bu heyvanları təbii mühitdə yaşatmaq olduğunu bildirirlər.
Şirkətin təsisçilərindən biri Ben Lamm Daily Mail-ə açıqlamasında mamont və Tasmaniya pələngini canlandırmaq üçün artıq müəyyən addımların atıldığını qeyd edib. Tədqiqatçılar bu məqsədlə Asiya fillərinin hüceyrələri üzərində CRISPR gen redaktə alətindən istifadə edirlər.