...

Demokratiya Uğrunda İttifaq Qarabağda antiterror əməliyyatları aparılması təklifi ilə dövlət başçısına müraciət edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2007 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaq (DUİ) Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatları aparılması təklifi ilə dövlət başçısına müraciət edəcək. Bu barədə Trend ə İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu açıqlama verib.

Demokratiya Uğrunda İttifaq Qarabağ probleminin həlli yollarına dair təkliflər paketi hazırlayıb. İttifaqın təşkilatçılığı ilə sentyabrın 25-də keçiriləcək Qarabağ Forumunda bu sənədin təqdimatı olacaq.

Mirəlioğlunun sözlərinə görə, təkliflər paketini hazırlamaqda məqsəd siyasi partiyaların Qarabağ münaqişəsinin həllinə bacardıqları və imkanları çatdığı qədər yardım etməsidir: "Çünki hərbi və diplomatik vasitələr bizim əlimizdə deyil, ona görə də siyasi partiyaların münaqişəni həll etmək imkanı yoxdur. Bizim rolumuz təkliflər verməkdən uzağa getmir" -deyə pariya sədri qeyd edib.

Mirəlioğlu bildirib ki, sənədin təqdimatı zamanı təkliflərin yalnız bir qismi açıqlanacaq, qalan hissəsi isə məxfi saxlanılacaq. Təkliflər paketi dövlət başçısına ünvanlanacaq.

Sənəddə yer alan əsas təkliflərdən biri Qarabağda antiterror əməliyyatları aparılmasıdır. Mirəlioğlu qeyd edib ki, terrora qarşı mübarizə dünyanın aparıcı siyasətidir və Azərbaycan da bu beynəlxalq normadan istifadə etməlidir.

Təkliflər sənədində Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalara qarşı mübarizənin üsulları və digər detallar da göstərilir, amma bunların yalnız dövlət başçısına çatdırılması nəzərdə tutulur.

Qarabağ Forumuna siyasi partiyaların, ictimai qurumların rəhbərləri, hərbi ekspertlər, dövlət orqanlarının, Müdafiə Nazirliyinin nümayəndələri dəvət ediləcək.

Ermənistan 1992-ci ildən Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib və bu əraziləri bu günə qədər də işğal altında saxlayır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub, indiyədək tərəflər arasında sülh danışıqları davam etdirilir.

Demokratiya Uğrunda İttifaqda müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti