...

Minsk qrupu həmsədrləri danışıqları dayandırmalıdır- Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Yanvar 2008 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrləri sülh danışıqlarını dayandırmalıdır. "Həmsədrlər Dağlıq Qarabağ probleminin həllində nəticə əldə edə bilmirsə, danışıqları dayandırmalıdır və ATƏT sədrinə bəyan etməlidirlər ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyindən əl çəkmir" cümə axşamı Trend ə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov bildirib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir. Bu müddət ərzində həmsədrlər bir neçə təkliflə çıxış etsələr də, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirib.

Bəhmənov deyib ki, Minsk qrupu danışıqları dayandırdıqdan sonra Dağlıq Qarabağ problemi BMT səviyyəsində həll edilməlidir. Onun sözlərinə görə, həmsədrlərin yanvarın ortalarında regiona növbəti səfərindən hər hansı nəticə gözləmək sadəlöhvlük olar. "Həmsədrlər işğalçı ilə işğala məruz qalan ölkəni hələ ayırmayıb və münaqişənin həllində balanslaşmış siyasət aparırlar. Ona görə hər hansı nəticədən söhbət gedə bilməz" Bəhmənov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti