...

Azərbaycan BMT-ni Dağlıq Qarabağda effektli demokratik özünüidarə sisteminin yaradılmasına yardım göstərməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2008 12:33 (UTC +04:00)
Azərbaycan BMT-ni Dağlıq Qarabağda effektli demokratik özünüidarə sisteminin yaradılmasına yardım göstərməyə çağırır

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycan BMT-ni ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ regionunda effektli demokratik özünüidarə sisteminin yaradılmasına yardım göstərməyə çağırır.

"Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmasının normal, təhlükəsiz və bərabər həyat şəraitinin təmin edilməsi lazımdır". BMT-dəki mənbədən Trend a verilən məlumata görə, bu barədə 63-cü sessiyanın ilkin gündəliyinə daxil edilməsi üçün bu günlərdə Azərbaycan tərəfindən BMT Baş Assambleyasına təqdim edilən qətnamə layihəsində bildirilir.

BMT Baş Assambleyasının 63-cü sessiyası sentyabrda başlanacaq. BMT 1993-cü ildən Azərbaycanın işğal olunmuş əraziləri barədə bir sıra Qətnamələr qəbul edib.

Yeni Qətnamədə Azərbaycan BMT Baş katibini Qətnamənin həyta keçirilməsi barədə ətraflı məruzəni təqdim etməyə və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bənd altında sessiya gündəliyinə daxil etməyə çağırır.

Layihədə bütün işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Azərbaycan BMT-yə üzv-dövlətləri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılan əhalinin öz evlərinə qayıtmaq hüququnu təsdiq etməyə çağırır və münaqişədən zərər çəkmiş ərazilərin hüququnun qaytarılması da daxil olmaqla, bunun üçün şəraitin yaradılması zərurətini qeyd edir.

Azərbaycan beynəlxalq vəsitəçi səylərinə, xüsusilə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu həmsədrlərinin beynəlxalq hüquq normaları və prinsiplərinə müvafiq olaraq, münaqişənin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş cəhdlərinə dəstək göstərilməsini, stabil və davamlı sülhün təminatı istiqamətində bu səylərin fəallaşıdırlamısının vacib oldüğunu bildirir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti