...

Bakı dörd erməninin Azərbaycan ərazisinə keçməsini Ermənistanın məsuliyyətdən qaçması kimi qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir C.Babayeva/ Rəsmi Bakı Azərbaycan ərazisində təxribat törətmək niyyətində olan dörd erməni vətəndaşının sərhədi keçməsini Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə məsuliyyətdən qaçması kimi qiymətləndirir.

"Beynəlxalq strukturların bunu görməsi və qiymətləndirməsi lazımdır", - deyə çərşənbə günü jurnalistlərə Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Ötən həftə Ermənistan vətəndaşları Vanik Zmboyan, Artem Zoqrabyan, Karen Torosyan və Aqasi Enokyan sərhədi keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun verdiyi məlumata görə, saxlanılan şəxslər Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət göstərib. Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni təxribat qrupunun zərərsizləşdirilməsinə dair məlumatı təkzib edib.

Əzimov qeyd edib ki, dünya ictimaiyyəti münaqişənin tezliklə həll edilməsi barədə danışır. "Bu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər", - deyə o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti