Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun sentyabrın 5-də Parisdə keçiriləcək iclasında qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin yeni sədri təyin oluna bilər.
"Büronun iclasında AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin yeni sədrinin təyin olunması məsələsi müzakirə ediləcək", bazar ertəsi Strasburqdan telefonla Trend -a Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov bildirib.
Trend -un arayış: AŞ PA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamə qəbul edib. Qətnamədə qeyd olunub ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20% ərazisini işğal edib və dərhal öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalı, qaçqınlar öz yerlərinə qaytarılmalı və münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır.
AŞ PA qətnamənin həyata keçirilməsinə nəzarət və münaqişənin həllinə kömək etmək üçün Alt Komitə yaradıb. Alt Komitənin Böyük Britaniyadan olan sədri lord Rassel Conston bir necə ay əvvəl vəfat edib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Trend -a bildirib ki, iclasda Alt Komitə rəhbərinin vəfat etməsi və sədr vəzifəsinin boş olması ilə bağlı məlumat Büro üzvlərinin nəzərinə çatdırılacaq.
"Alt Komitəyə yeni sədrin təyin olunması ilə bağlı məsələ ilk növbədə AŞ PA-nın Siyasi Komitəsində müzakirə olunmalıdır", - deyə Seyidov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]